Azərbaycanda elektrikli və hibrid avtomobillər ƏDV-dən azad olunub. Elauto.az xəbər verir ki, bununla bağlı müvafiq qanun layihələri bu gün Milli Məclisdə müzakirəyə çıxarılıb.
Beə ki, bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası baş tutub. Toplantıya spiker Sahibə Qafarova sədrlik edib.
İclasda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir. Dəyişikliklərə əsasən, mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4 000 kubsantimetrədək olduqda 5 600 manat məbləği dəyişməz olaraq qalır.
Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 40 manat (hazırda 18 600 manat + hər kubsantimetrə görə 35 manatdır) ödəniləcək.
Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 80 manat ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır) ödəniləcək.
Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq.
Elektrikli və hibrid avtomobillərlə bağlı sevindirən qərar!
Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Belə ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.
Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları da Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Dəyişikliklərə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birnci oxunuşda qəbul edilib.






















