Azərbaycanda populyar avtomobil nömrələrinin rüsumu artırılacaq. Elauto.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.
Belə ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərlə bağlı dövlət rüsumları müəyyənləşib.
Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat rüsum ödəniləcək. Daha öncə bu rüsumlar müvafiq olaraq 1500 və 2000 AZN idi.
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000 rüsum tutulacaq. Daha öncə buna görə müvafiq olaraq 1000 və 1500 AZN dövlət rüsumu tətbiq olunurdu.
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq. Əvvəllər isə buna görə 500 və 1000 manat rüsum nəzərdə tutulmuşdu.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.






















