Elektrikli və hibrid avtomobillər üçün güzəştlər təsdiqləndi

Bu gün Milli Məclisdə Azərbaycana gətirilən elektrikli və hibrid avtomobillərin vergidən azad edilməsi yenidən müzakirəyə çıxarılıb.

Elauto.az xəbər verir ki, Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirə olunub.

Dəyişikliklə iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilib. Belə ki, mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4000 kubsantimetrədək olduqda 5600 manat məbləği dəyişməz olaraq qalır.

Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 40 manat (hazırda 18600 manat + hər kubsantimetrə görə 35 manatdır) ödəniləcək.

Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 80 manat (hazırda bu məbləğ 53600 manat + hər kubsantimetrə görə 70 manatdır) ödəniləcək.

Bundan başqa, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq.

Elektrikli və hibrid avtomobillərlə bağlı da gözlənilən qərarlar qəbul olunub. Yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək. Belə ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Qeyd edək ki, Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları da Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Dəyişikliklərə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.