Bu ilin yanvar ayında Azərbaycana 68.2 milyon ABŞ dolları dəyərində 5685 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Elauto.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22.5 faiz çoxdur. Belə ki, ötən ilin yanvarında Azərbaycana bütövlükdə 4642 avtomobil idxal olunmuşdu. Onların ümumi dəyəri də 27.7 faiz az – 53.4 milyon ABŞ dolları təşkil etmişdi.
Sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 77.4 faiz artıb. Ötən ay 55 ədəd (6.7 milyon ABŞ dolları dəyərində) avtomobil alınıb. Ötən ilin analoji dövründə isə 31 (3.8 milyon ABŞ dolları) belə avtomobil idxal olunmuşdu.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 23.4 faiz artıb. Yanvarda 5231 ədəd (49 milyon ABŞ dolları dəyərində) belə avtomobil alınıb. Ötən ilin yanvarında isə 43 milyon dollarlıq 4238 avtomobil idxal olunmuşdu.
Bu ilin yanvarında idxal olunmuş avtomobillərin 1137-si (10.3 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələridir. Onlardan 13-ü (505.4 min ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu isə birincinin 2.5 dəfə, ikincinin isə 6.5 dəfə artması deməkdir. Ötən ilin yanvarında daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin ümumi sayı 459 idi. Həmin vaxt cəmi 2 ədəd də yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi alınmışdı.






















