“Hyundai” elektrikli avtomobillərində batareyaları dəyişdirəcək

“Hyundai Motor Co” şirkəti bütün dünyada 82 minədək elektrikli avtomobilində yanğın təhlükəsinə qarşı akkumulyator batareyalarını dəyişdirməyə 900 milyon ABŞ dolları sərf edəcək.

Elauto.az xəbər verir ki, şirkətin ən çox satılan “Kona” seriyasına aid 2018-2020-ci illər aralığında istehsal olunmuş 76 minədək elektromobil geri qaytarılacaq.

Bu seriyadan olan elektrikli avtomobillər bir sıra yanğın hadisəsindən sonra ilk dəfə ötən ilin sonunda proqram təminatının yenilənməsi üçün geri götürülmüşdü. Cənubi Koreyada 15 yanğın hadisəsi qeydə alınıbsa, Kanada, Finlandiya və Avstriyada 2 oxşar hadisə baş verib.

Elektromobil akkumulyatorı istehsal edən “LG Energy Solution” şirkəti səsləndirilən tənqidlərlə bağlı açıqlama da yayıb. Şirkət sürətli doldurma sisteminə dair təkliflərinin “Hyundai” tərəfindən səhv tətbiq olunduğunu iddia edib. Bir sözlə, “LG Energy Solution” yanğının birbaşa səbəbi heç də batareyalar olmadığını deyir.

Cənubi Koreya Nəqliyyat Nazirliyi də “LG Energy Solution”un Çindəki müəssisəsində istehsal olunmuş akkumulyatorın bəzisində qüsurların ortaya çıxdığını açıqlayıb.

“Hyundai” 2025-ci ilədək 44 ekoloji təmiz nəqliyyat vasitəsi, o cümlədən 23 elektromobil seriyasının istehsalına başlamaq üçün 52 milyard ABŞ dolları sərf etməyi planlaşdırır.