Bu gün – 2022-ci il 1 yanvar tarixindən etibarn Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq. Elauto.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” Qanundakı dəyişikliklərdə əksini tapıb.
Dəyişikliyə əsasən bu gündən avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb.
Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşib.
Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşib. Əvvəl bu rəqəm 5 manat idi.
Bu gündən həm də Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı dövlət rüsumları qüvvəyə minir.
Bu, “Dövlət rüsumu haqqında” Qanuna yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.
Belə ki, bu gündən 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat rüsum ödəniləcək. 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000 AZN rüsum ödənilməlidir. 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.
Bu barədə dəyişikliklər ötən 2021-ci ilin noyabr və dekabr ayında Milli Məclisdə müzakirəyə çıxarılmış və qəbul olunmuşdu.