Sürücülük vəsiqəsi və nömrələrlə bağlı rüsumlar dəyişdirildi

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq. Elauto.az xəbər verir ki, digər qərarla avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı dövlət rüsumlarının da məbləği müəyyənləşib.

Belə ki, Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb.

Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşib.

Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşib. Əvvəl bu rəqəm 5 manat idi.

Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif olunub.

Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılıb.

Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün isə 12 manat rüsum müəyyən edilib.

“Zerkalnı” nömrələrin də rüsumu artdı

Avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı yeni dövlət rüsumları da müəyyənləşib. Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat rüsum ödəniləcək. 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000 manat rüsum nəzərdə tutulub. 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.